“Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” layihəsi çərçivəsində üçüncü tədbir keçrildi.
6 avqust 2025-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Dəniz Palace”da “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” layihəsi çərçivəsində üçüncü maarifləndirici tədbir keçirildi. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Açılış nitqi ilə çıxış edən Birliyin sədri və layihə rəhbəri Səidə Musayeva məişət zorakılığının — xüsusilə qadınlar və uşaqlar kontekstində — cəmiyyətin sosial təhlükəsizliyi və sağlam inkişafı üçün yaratdığı ciddi təhdidlərə diqqət çəkdi. O bildirdi ki, layihə çərçivəsində ümumilikdə beş tədbirin təşkili nəzərdə tutulub.Bakı şəhəri ,Sumqayıt şəhəri ərazisində tədbirlər artıq baş tutub.Bugünkü tədbir Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirildi.Növbəti görüş Xırdalan şəhərində, yekun – beşinci tədbir isə Bakı şəhərinin Xəzər rayonu ərazisində baş tutacaq.
Birliyin sədr müavini Cəmalə Naxçıvani çıxışında ölkəmizdə məişət zorakılığına qarşı mübarizənin dövlət səviyyəsində daim prioritet mövzulardan biri olduğunu vurğuladı. O, layihə çərçivəsində hazırlanmış təqdimatı iştirakçıların diqqətinə çatdıraraq bu sahədəki yanaşmalar və hədəflər haqqında məlumat verdi.
Tədbirin əsas məruzəçilərindən olan hüquqşünas-psixoloq, layihə eksperti Natiq Babayev məişət zorakılığına qarşı hüquqi mübarizə vasitələri, psixoloji dəstək mexanizmləri, eləcə də bu sahədə yerli və beynəlxalq uğurlu təcrübələr barədə ətraflı məlumat təqdim etdi. O, qadınların cəmiyyət həyatında fəal iştirakı və onların iqtisadi-sosial baxımdan gücləndirilməsinin vacibliyini vurğulayaraq iştirakçılardan gələn çoxsaylı sualları da cavablandırdı.
Tədbirin sonunda layihənin rəhbəri Səidə Musayeva bir daha qeyd etdi ki, məişət zorakılığı bütün dünyada ciddi sosial problem kimi qəbul olunur və bu məsələnin davamlı olaraq gündəmdə saxlanılması, maarifləndirici fəaliyyətlərin genişləndirilməsi və uğurlu təcrübələrin cəmiyyətə tanıdılması vacibdir. O bildirdi ki, “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin fəaliyyətində qadınların və uşaqların müdafiəsi, onların inkişafının təşviqi, eyni zamanda innovativ düşüncənin yayılması prioritet istiqamətlərdəndir.
Səidə Musayeva çıxışında Agentliyin bu sahədə elan etdiyi qrant müsabiqəsinin vacibliyini vurğuladı və Birliyin təşəbbüsünə dəyər verərək layihəni qalib elan etdiyi üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə, icraçı direktor Aygün xanım Əliyevaya və Agentliyin bütün əməkdaşlarına təşəkkürünü bildirdi.
Tədbir çərçivəsində İctimai Birlik üzvlərinin övladlarının əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu və iştirakçılar üçün çay fasiləsi təşkil edildi.












