Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumundan növbəti önəmli təşəbbüs – “Yalnız Like Etmə, Hərəkət Et!” adlı maarifləndirici tədbir keçirildi

2025-ci il 2 avqust tarixində Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə “Yalnız Like Etmə, Hərəkət Et!” adlı ictimai maarifləndirici tədbir baş tutub. Tədbirin əsas məqsədi sosial şəbəkə dövründə insanların passiv izləyici mövqeyindən çıxaraq aktiv vətəndaş məsuliyyəti daşıması ideyasını təşviq etmək, xüsusilə gənclər arasında psixoloji rifahın və sosial şüurun artırılmasına dəstək vermək olub.
Tədbir çərçivəsində psixoloqların iştirakı ilə keçirilən müzakirələrdə sosial mediada müşahidə edilən laqeydliyin cəmiyyətin psixoloji sağlamlığına təsiri, həmçinin bu tendensiyaların qarşısını almağın yolları geniş şəkildə araşdırılıb. İştirakçılar arasında fəal vətəndaş mövqeyinin formalaşdırılması, maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyətin paylaşılması kimi mühüm mövzulara toxunulub.

Tədbirin təşkilatçılığı və icrası Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumuna və onun sədri Ramil İsgəndərliyə məxsusdur. Onun rəhbərliyi ilə həyata keçirilən bu cür təşəbbüslər cəmiyyətin maariflənməsinə, sosial məsuliyyətin təşviqinə və vətəndaş fəallığının gücləndirilməsinə mühüm töhfə verir. “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi olaraq bu cür aktual və dəyərli tədbirləri həyata keçirdiyi və şərait yaratdığı üçün Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunun sədri Ramil İsgəndərliyə təşəkkürümüzü bildiririk.












